Şəki REM-də 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilb
Mart 07, 2021 | 12:00

05 mart 2021-ci il tarixində Şəki Regional Elmi Mərkəzin Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı kollektivin qadın əməkdaşları ilə məhdud sayda görüş keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə reallaşan görüşü giriş sözü ilə açan Mərkəzin direktoru fiz.ü. PhD Yusif Şükürlü kollektivin qadın üzvlərini qarşıdan gələn gözəl bayram münasibətilə təbrik etdi, onlara elmi və şəxsi fəaliyyətlərində uğurlar dilədi. Natiq Azərbaycan qadınlarının xalqımızın tarixində, cəmiyyətin həyatında oynadığı danılmaz roldan bəhs edərkən onu da vurğuldı ki, bütün sahələrdə olduğu kimi, elmdə də qadınlarımız ön sıralarda getməyi bacarmışlar. Ciddi elmi araşdırmalara və tədqiqatlara imza atan qadın alimlərimiz nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da Azərbaycan elmini layiqincə təmsil etməkdədirlər.

Çıxış edən Şəki REM-in Həmkarlar Təşkilatının sədri Coşqun Məmmədov həmkarlarını təbrik edərkən xoş duyğularını dilə gətirməklə bərabər, bildirdi ki, son bir ildə xalqımızın taleyinə düşən Vətən müharibəsi, eləcə də COVİD 19-la mübarizədə qadınlarımızın böyük rolu vardır. Dövlətimiz, cəmiyyətimiz və xalqımız qədim köklərə dayanan qadına ehtiram və qayğı kimi prinsiplərinə həmişə sadiqdir. AMEA rəhbərliyi də həmişə qadın əməkdaşların əməyini lazımınca qiymətləndirmişdir. Bu qayğının bariz nümunəsi kimi bu il 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı olaraq AMEA Rəyasət Heyəti tərəfindən akademiya sistemində çalışan 96 qadın əməkdşın, o cümlədən Şəki REM-in 2 qadın üzvünün Fəxri Fərmanla təltif olunması mütləq qeyd olunmalıdır. Növbə ilə çıxış edən Mərkəzin Elmi işlər üzrə direktor müavini biol.ü.PhD Fərhad Əzizov, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova və başqaları da xoş təbriklərə qoşuldular. Çıxışçılardan Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri Pakizə Əliyeva tədbirin təşkil olunması üçün Həmkarlar Təşkilatına qadınlar adından təşəkkür etdi, həmçinin AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunanlar arasında olmasına görə Akademiya rəhbərliyinə xoş diləklərini ünvanladı. 

Tədbirin sonunda Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşların hər birinə hədiyyələr təqdim olundu.