Beynəlxalq Konqrensə dəvət
Sen 25, 2019 | 08:16

Azərbaycanda müxtəlif meşələrin geniş ərazilərinin olması və əlverişli şərait yabanı Satniniidae ailəsindən olan ipək qurdları yetişdirmək üçün böyük perspektivlər açır. Belə ki, Çində, Yaponiyada, Hindistanda, Argentinada və bir çox başqa ölkələrdə uzun müddətdir qeyri-ənənəvi ipəkqurdunun müxtəlif növləri bəslənir. Müasir ipəkçilikdə yabanı ipəkqurdlarının verdiyi ipək saplardan yalnız davamlı parçalar və iplər deyil, həm də yüksək texnologiyalı (smart) biomateriallar əldə edilir. Bu baxımdan bizim meşələrimizdə və bağlarımızda yaşayan bu yabanı növlərin ətraflı öyrənilməsinə və imkanlarından mümkün qədər istifadə olunmasına ehtiyac var. AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları: fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü, “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi, AMEA Zoologiya İnstitutunun dissertantı, biotexnoloq Zərintac Yusif qızı Şükürova, AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə elmlər doktoru, dosent Xalid Əli Ağa oğlu Əliyev laboratoriya şəraitində Böyük tovuzgözlü (Saturnia pyri) ipəkqurdunun bioloji göstəricilərinin öyrənilməsi istiqamətində tədqiqat işlərinə başlamışlar. Adıçəkilən əməkdaşlar bu tədqiqat işi barəsində məruzə etmək üçün 19-22 noyabr 2019-cu il tarixlərdə Yaponiyanın Tsukuba şəhərində keçiriləcək 25-ci Beynəlxalq İpəkçilik və İpək Sənayesi Konqresinə dəvət olunmuşlar. Sözügedən Konqresə dəvət məktubu “İpəkçilikdə Qeyri-Tekstil Sənayesi vəYeni İpək Tətbiqatları”-nin Prezidenti Yasushi Tamada tərəfindən ŞREM- in direktoru Yusif Şükürlünün  ünvanına göndərilmişdir. Məktubda  bildirilir: “Azərbaycanda ipəkçilik sahələrindən biri olan “Giant Peacock Moth”-un yabanı ipəkqurdu növlərinin yetişdirilməsi  perspektivləri ” və “Bombyx mori L cinsinin fibroininin supromolekulyar quruluşuna və termiki xarakterlərinə seleniumun təsiri” başlıqlı elmi-tədqiqat xülasəniz  qəbul olunmuşdur. Konqrensdə  məruzənizə  və poster təqdimatınıza məmnunluqla yer verilməsi planlaşdırılmışdır. Sizi Yaponiyada –Tsukubada  İpəkçilik və İpək sənayesi üzrə, İpəkcilikdə Qeyri-Tekstil Sənayesi  və  Yeni İpək Tətbiqatlari bölümündə 25-ci Beynəlxalq Konqresdə iştirakçı kimi görməkdən mənun olarıq. Bu əməkdaşlıq üçün Sizə təşəkkür edirik”.

  Konqresdə təqdim olunacaq məruzədə Azərbaycan şəraitində Saturnia pyri yabanı ipəkqurdunun laboratoriya şəraitində artırılma imkanları və böyümə dinamikası barəsində məlumat veriləcək və gələcəkdə sənaye əhəmiyyətli yabanı ipəkqurdu növlərindən biri olan Saturnia pyri-nin perspektivləri barəsində müzakirələr aparılacaqdır. Beləliklə də yuxarıda adı çəkilən nüfuzlu bir Konqresin iştirakçısı olan  elm adamlarının diqqətinə çatdırılmış olacaqdır ki, Zaqafqaziyada ilk  olaraq Azərbaycan AMEA ŞREM-də yabanı ipəkqurdunun Saturnia pyri növü üzərində universal tədqiqat işlərinə başlanmış və davam etdirilməkdədir.

     Danılmazdır ki, sözügedən dəvəti Konqresə təqdim olunacaq məruzədə ehtiva olunan problemin elmi dəyəri(aktuallığı,yeniliyi və praktik əhəmiyyəti) ilə yanaşı, ümumiyyətlə, son illərdə AMEA ŞREM-də həyata keçirilən elmi-tədqiqat işlərinin sistemlilik səviyyəsi, müxtəlif elmu fəaliyyət sahələrində əldə olunmuş nəticələrin beynəlxalq səviyyəli konqrens və simpoziumlarda uğurlu təqdimatı, beynəlxalq  əlaqələrin yaradılması kimi amillər şərtləndirmişdir.

                                                        ŞREM-in İctimai əlaqələr şöbəsi