AMEA ŞREM-in akt zalında Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun təşəbbüsü ilə "Alban abidələri" mövzusunda tədbir keçirildi
Mart 02, 2018 | 10:32

        Tədbiri giriş sözü ilə açan ŞREM-in direktoru, f.üzrə PhD, dos. Y.H.Şükürlü  qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra sözü, ŞREM-in "Tarixi irs və Etnoqrafiya" şöbəsinin baş elmi işçisi t.ü.PhD Akif Məmmədliyə verdi.

         A.Məmmədli öz geniş məruzəsində albanların xristianlığı hələ erməni və gürcülərdən əvvəl qəbul etdiklərini, Azərbaycanın şimal-qərb regionunda  erkən xristian dövrünə aid 100-dən artıq məbədin olduğunu da qeyd etdi və Şəki şəhərinin Kiş kəndi ərazisində yerləşən Alban məbədinin bunun bariz nümunəsi olduğunu xüsusi vurğuladı. A.Məmmədli: "...bu abidələr bizim milli pasportumuz, milli kimliyimizin göstəricisidir. Onları dərindən öyrənib təbliğ etmək, turizmin inkişafı üçün də vacib və önəmlidir", deyə əlavə etdi.

        Onu da qeyd edək ki, A.Məmmədlinin "Azərbaycanın şimal-qərb bölgəsinin tarixi abidələri" adlı elmi əsərinin bir fəsli məhz Alban abidələrinin tədqiq  olunmasına həsr olunmuşdur.

            Çıxışın sonunda  A.Məmmədli bölgənin qərb və şimal qonşusu  olan dövlətlərin bizim Alban məbədləri ilə bağlı yalnış mövqeli əsərlərinin çap olunduğunu diqqətə çatdırmağı özünə borc bildi.

Bu səbəbdən də tutarlı elmi dəlillərə söykənən əsərlər yazılmasını və əhali arasında maarifləndirmə işlərinin aparılmasını, eyni zamanda  abidələrə turist marşrutlarının təşkil olunmasını  vəziyyətdən çıxış yolu kimi təklif etdi.

Tədbirdə ADPU-nun Şəki filialının müəllimləri H.Manaflı, t.ü.PhD, Vüsal Baxışov  həmçinin, Universitetin tələbələri də iştirak edirdilər.