Azərbaycanın sənətkarlıq paytaxtı Şəki şəhəri YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi siyahısına daxil edilib
Noy 06, 2017 | 08:14

Noyabrın 6-da Şəki Şəhər İcra Hakimiyyətində keçirilən geniş şura iclasında təşkilatın bu qərarı ətraflı müzakirə olunub, görüləcək işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.
İclasda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini şəhərin həyatında çox mühüm hadisə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, qərarın qəbul edilməsi Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımlardan biridir.

 Diqqətə çatdırılıb ki, YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Şəbəkənin yaradılmasında məqsəd xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan, YUNESKO-nun bu qərarını Şəkinin xalq sənətkarlığının inkişafında yeni mərhələnin başlanğıcı saymaq olar.

           AMEA  ŞREM-də 6 noyabr tarixdə  Azərbaycanın sənətkarlar paytaxtı Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar ümumi yığıncaq keçirilmişdir. Tədbirdə ŞREM-in direktoru fizika üzrə PhD Yusif Şükürlü çıxış edərək bu qərarın əhəmiyyətindən, ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işlərdən, Şəki sənətkarlığının inkişafindan və bu istiqamətdə ŞREM-in üzərinə düşən vəzifələrdən danışdı.

Daha sonra elmi işlər üzrə direktor müavini, biologiya üzrə PhD Fərhad Əzizov çıxış edərək Şəki ipəyinin dünyada məşhur olmasını, zərgərlik, dulusçuluq, təkəlduz, şəbəkə və digər yerli sənətkarlıq sahələrinin turistlərin diqqətini cəlb etdiyini, yerli ustaların hazırladıqları nümunələrin xüsusi kolleksiyaların və muzeylərin bəzəyinə çevrildiyini nəzərə çatdırdı.

Yığıncaqda müzakirələrdən sonra qərara alındı ki, Şəkinin tarixi və mədəni irsini daha geniş miqyasda qonaqlara və turistlərə təqdim və təşviq etmək üçün ŞREM-in nəzdində əvvəllər yaradılmış Folklor muzeyində mövcud olan eksponatları zənginləşdirmək və muzeyin daha geniş tərkibdə və turistlər üçün baxış obyekti kimi ayrıca bir guşədə yaradılması və obyektin turizm marşrutuna daxil edilməsinə səy göstərmək məqsədilə AR Mədəniyyət və Turizm nazirliyinə müraciət edilsin.

ŞREM-in “Folklor və el sənətləri” şöbəsinin rəhbərliyinə və əməkdaşlarına muzeyin yeni binada məskunlaşması və Şəki regionu üçün xarakterik olan bütün el sənətkarlığına aid eksponatlarla və ekspozisiya ilə təmin edilməsi istiqamətində elmi və təşkilati fəaliyyətlərini artırsınlar.