AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları Fındıqçılıq Simpoziumunda
May 15, 2017 | 12:46

10-13 may 2017-ci il tarixində Türkiyə Cumhuriyyətinin Ordu şəhərində Şəki Regional Elmi Mərkəzinin iki əməkdaşı – elmi işlər üzrə direktor müavini biologiya üzrə Phd Fərhad Əzizov və Genefond və Biomüxtəliflik şöbə rəhbəri Coşqun Məmmədov -  Fındıqçılıq Simpoziumunda iştirak etmişdilər.

Simpoziumda təmsil olunmaq üçün Təşkilat komitəsi tərəfindən göndərilmiş təlimat əsasında tələblərə uyğun olaraq “Azərbaycanın şimal-qərb bölgəsində Adi Fındıq bitkisinin biomüxtəlifliyi və davamlı istifadəsi” adlı məqalə hazırlanmış və əməkdaşlar sempoziumda həmin mövzu ilə çıxış etmişlər. Məruzə iştirakçılar tərəfindən maraqla dinlənilmiş və bu sahə üzrə tədqiqatların genişləndirilməsi tövsiyə edilmiş gələcək işgüzar əlaqələrin genişləndirilməsinin vacibliyi qərara alınmışdır.

  Əməkdaşlarımız 12 may tarixdə iştirakçılar üçün təşkil edilmiş səfərdə iştirak etmiş, özəl fındıqçılıq kooperativinə məxsus təsərrüfatla tanışlıq olmuş, fındıq bitkisinin becərilməsi, aqrotexniki xidmətlər və yığımın təşkili, məhsulun təmizlənməsi və satışının təşkili məsələləri ilə tanışlıq olmuşdur.

Ezamiyyə müddətində simpozium iştirakçıları ilə, həmçinin simpozium təşkilatçıları ilə görülən işlər ətrafında fikir mübadiləsi aparılmış, istər fındıq bitkisinin yetişdirilməsi, istərsə də emalı və satışının təşkili, digər yanaşı məhsulların istehsalı ətrafında müzakirələr edilmiş, gələcək işgüzar əlaqələrin yaradılması istiqamətində razılıq əldə olunmuşdur.

Əməkdaşlarımızın simpoziumda təmsil olunmasının əhəmiyyəti ondan ibarətdir ki, AR Prezidenti yanında “İqtisadi islahatların təhlili və Kommunikasiya Mərkəzi” ilə AMEA arasında bağlanmış və AMEA Rəyasət Heyətinin 22 sentyabr 2016-cı il tarixli 12/1 saylı Qərarı ilə təsdiqlənmiş müqaviləyə əsasən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətlərində aqrar sektorun prioritet sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsi, xüsusən də yeni fındıq bağlarının yaradılması nəzərdə tutulmasıdır.

Simpoziumda müzakirə olunan məsələlər barədə yekun qərar qəbul edilmiş və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.