İpəkçilik üzrə beynəlxalq konfrans Şəkidə keçirildi
Apr 07, 2017 | 12:06

Şəkidə 9 xarici  ölkədən gəlmiş nümayəndələrin  iştirakı ilə “İqlim dəyişiklikləri və kimyəvi reagentlər: İpəkçilikdə yeni axtarışlar” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilmişdir.
 

Konfrans  Azərbaycan Milli Elmlər Akademiyası, Şəki Regional Elmi Mərkəzi və Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya ölkələrinin ipəkçilik assosiasiyalarının təşkilatçılığı ilə keçirilmişdir.  Konfransda 9 ölkənin ipəkçilik və baramaçılıq üzrə 44  mütəxəssisi iştirak etmişdir.

Konfransda regionda ipəkçiliyin inkişaf perspektivləri, “İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri”, “Azərbaycanda ipəkçiliyin inkişafına innovasiyalı yanaşma”, “İpəkqurdu febrinin kontur vasitəsilə izotermik qüvvətləndirilməsi”, “İpəkqurdu məhsuldarlığına və barama keyfiyyətinə bioloji aktiv əlavələrin təsiri”  kimi mövzularında müzakirələr aparılaraq  təcrübə mübadilələri həyata keçirildi. 
Konfrans çərçivəsində iştirakçılar Qax rayonu ərazisində yerləşən, təxmini quruluş tarixi 1960-lara dayanan Qax barama zavoduna baş çəkdi, buradakı mütəxəssislərlə fikir mübadiləsi apardılar. Daha sonra Zaqatala rayonu ərazisindəki tarixi və mədəni məkanlar ziyarət edən qonaqlar Azərbaycanın təbii gözəlliklərinə heyran qaldılar.

Zaqataladakı elmi və mədəni gəzinti başa çatdıqdan sonra qonaqlar Şəki şəhərindəki “Şəki-İpək” kombinatına səfər edib. Qonaqları kombinatın direktoru Nizami Qəribov şəxsən özü qarşıyalıb, ərazidə yerləşən barama və ipək  emalı üzrə  müxtəlif istehsalatlarla yaxından tanış edib. Qeyd olunub ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə son əsrlərdə əhalinin əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olub. Burada ipəkçilik uzun inkişaf yolu keçib və ötən əsrin 80-ci illərində bu sahədə yüksək nailiyyətlər əldə edilib. Həmin illərdə rayonda bar verən toxmaçar bağlarının sahəsi 1300 hektara çatdırılmış, 400 tona yaxın barama istehsal olunmuşdu. Həmin dövrdə Şəkidə yaradılan İpək kombinatında 7 minə yaxın işçi çalışırdı. Rayonun kəndlərində isə 10 minə yaxın kümçü barama yetişdirilməsi ilə məşğul olurdu.

Qeyd edək ki, kombinatda  istifadə olunan dəzganların tarixi və iş rejimi qonaqların diqqətini xüsusi cəlb edib. İpək kombinatında istehsal olunan məhsulların satışının həyata keçirildiyi “Şəki-İpək” mağazasına baş çəkən qonaqlar buradakı ipək şallar, kəlağayılar, ipək xalçalar, eləcə də diğər məhsullara xüsusi maraq göstərmişdir.

 Qonaqlar həmçinin özəl kələğayı müəssisələrində baş çəkdilər, orada hazırlanan kəlağayı məhsulları, onalrın işlənməsi və boyanması texnologiyası ilə tanış oldular, onları maraqlandıran suallar cavablandırıldı.

Konfrans çərçivəsində qonaqlar Şəki Xan sarayına və Tarix-diyarşünaslıq muzeyinə getmiş, buradakı maddi və mədəni eksponatlarla tanış olmuş, xatirə şəkli çəkdirmişdilər. Qonaqlar Şəkinin Fazıl kəndində yaradılan “Labirint”  Arxeologiya və Etnografiya muzeyinə getdilər, Şəkinin və bölgənin tarixi və etnografiyası, Şəkidə ipəkçiliyin yaradılması və inkişaf tarixinə dair maraqlı məlumatlar əldə etdilər.

Konfransın son günü qonaqlara sertifikatlar və konfransla bağlı olaraq xatirə hədiyyələri verilmişdir.