AMEA-nın Regional Elmi Mərkəzləri ötən ildəki fəaliyyətlərinə dair hesabat verib
Mart 15, 2017 | 09:59

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın müxbir üzvləri Vaqif Quliyevə 60 illik və Xəlil Qasımova 75 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyevin “Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.

Sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Ötən il BACSA (Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosiasiyası) İcraiyyə komitəsinin üzvü seçildiyini deyən Y.Şükürlü qurumun Azərbaycan üzrə əlaqələndiricisi olduğunu və təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü bildirib. İpəkçilik sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, innovativ üsullarla tut ipəkqurdunun yetişdirilməsi, barama məhsulu istehsalı məqsədi ilə müasir kümxananın inşası və dərman bitkiləri əsasında bioloji fəal maddələr, bitki yağları, aromatizatorlar, dadvericilər, boya maddələri istehsalına dair biznes planlarının hazırlandığını qeyd edib.

Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən “Azərbaycanın Şimal-qərb bölgəsinin aqro-ekoloji inkişaf modelinin hazırlanması” istiqamətində nəzərdə tutulmuş tədbirlərin, eləcə də tədqiqatlar sahəsində dövlət əhəmiyyətli işlərin AMEA-nın müvafiq institutları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilməsinə dair tapşırıqlar verilib.

Daha sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatı dinlənilib.

 İclasda Biofizika ixtisası üzrə AMEA üzvlüyünə seçkilərin keçirilməsi haqqında məsələyə baxılıb. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Rəyasət Heyətinin 7 dekabr 2016-cı il tarixli qərarını xatırladaraq bildirib ki, AMEA üzvlüyünə vakant yerlərə seçkilərlə bağlı elanda Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsi üçün biofizika ixtisası üzrə müxbir üzvlüyə bir vakant yer nəzərdə tutulub. Biofizikanın fundamental elmi-metodoloji əsaslar baxımından biologiyadan daha çox fizika elmlərinə aid edildiyini qeyd edən Nazim Məmmədov bu ixtisas üzrə seçkilərin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Bunu nəzərə alan Rəyasət Heyəti biofizika ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə elan olunmuş bir vakant yerə seçkilərin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində keçirilməsi barədə qərar verib.

Növbəti məsələ Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişiklik edilməsi haqqında olub. Təşkilatın bəzi şöbələrinin adları dəyişdirilib. Bunadan başqa, Ulduz atmosferləri fizikası və maqnetizm, Qoşa ulduzlar və eruptiv proseslər, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri adlı yeni şöbələr yaradılıb.

İclasda AMEA-nın Fizika İnstitutunun Spektroskopik ellipsometriya laboratoriyasının böyük elmi işçi, fizika üzrə fəlsəfə doktoru Baхşı Mehdiyevin təcrübə keçmək üçün altı ay müddətinə Yaponiyanın Naqaoka Texnoloji Universitetinə ezam edilməsi barədə də qərar verilib.

Sonda Rəyasət Heyəti AMEA-nın müxbir üzvü, memarlıq üzrə elmlər doktoru Cəfər Qiyasinin Azərbaycan memarlıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 75 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, həmçinin alimin həyat və fəaliyyətinə dair Elmi sessiyanın keçirilməsini qərara alıb.