Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində

2019-cu tədqiqat ilində alınan ən mühim elmi nəticələr, uğur və nəaliyyətlər.

 

  1. Şimal-qərb bölgəsinin müxtəlif çay yataqlarından götürülmüş 40-dan artıq gil və lil nümunələrinin spektral analizi aparılmış, onların mineral tərkibi və bu tərkibdə ilkin maqmatik süxurlarla bağlı MgOTiO2 kompanentlərinin miqdarının Mazımçay ərazisində, müvafiq olaraq, 3,5% və 1,14%, olduğu müəyyən edilmişdir. Bunun əksinə olaraq, Şəki rayonu Dəhnəçay ərazisindən götürülmüş nümunələrdə MgOTiO2-nin xeyli aşağı, CaO-nin miqdarı isə yüksək 20,18% olması onların ilkin karbonatlı süxurlardan yarandığını bildirir.
  2. Qəbələ ərzisindən toplanmış azsaylı xalqların folkloruna aid nümunələrin araşdırılması göstərir ki, bu ərazidə zamanla azsaylı xalqların məişətinin və adət-ənənələrinin dəyişməsi müşahidə olunur və bu dəyişmələrdə daha çox yerli əhali ilə birgəyaşayışın təsiri aydın görünür.
  3. Regionun 6 rayonunda tarixi və etnoqrafik irsin tədqiqi aparılmış, məzar daşları, pir və ziyarətgahlar tədqiq edilmiş, XVIII-XIX əsrə aid 29 növ naxış və ornamentlər aşkar olunmuş, epitafiyalar üzərindəki simvol və işarələr tədqiqata cəlb olunmuş, məzar daşlarına eski əlifba və ərəb əlifbası ilə həkk edilmiş quran ayələri, dualar və digər yazılar təfsir və tərcümə edilərək təhlil olunmuşdur. Bölgədə nəqşbənd sufi təriqətinin daha çox yayıldığı təsbit edilmiş, yayılan maddi və mənəvi mədəniyyətin ümumazərbaycan mədəni irsinin tərkib hissəsi olduğu təsbitlənmişdir.
  4. Dünya təcrübəsində ilk dəfə olaraq, İpəkçilik sənayesində istifadə məqsədi ilə Böyük tovüzgözlü (Saturnia pyri) vəhşi ipəkqurdun kəpənəkləri əldə olunmüş və laboratoriya şəraitində onların baraması alınmış, bioloji göstəriciləri müəyyən edilmişdir.
  5. İtburnu və qara gəndalaş bitkilərinin tərkibində mineral elementlər təyin edilmişdir ki, onların arasında K, Na, Mg, CaAl elementləri üstünlük təşkil edirlər. Həmçinin Qara Gəndalaş bitisinin yarpağı və meyvəsinin tərkibində bioloji fəal maddələr – karotin, askorbin turşusu, pektin, şəkərlər, aşı maddələri, B, P, E vitaminləri, flavonoidlər, katexinlər, leykoantosianlar təyin edilmişdir.
  6. 2019-cu tədqiqat ilində 18 növ yabanı dərman bitkisi aşkar edilmiş, onlar haqqında məlumatlar toplanmış və müvafiq olaraq “effektiv, perspektiv və potensial bitkilər” qrupunda təsnif olunmuşdur. Oğuz rayonları ərazisindən xalq seleksiyasına məxsus 7 armud, 6 alma, 8 qoz, 5 şabalıd sortu aşkar edilərək yerləri müəyyənləşdirilmiş, onlardan toxum və calaq materialı toplanaraq, AMEA Şəki REM-nin təcrübə sahəsində fonda daxil edilmişdir. May ayında isə Şəki rayonundan toplanmış xalq seleksiyasına məxsus 18 alma və 6 sort armuddan 80 ədəd calaqaltı tingə qələm calağı vurulmuşdur.
  7. İlk dəfə olaraq amarantdan alınmış antosian boyağı ilə modifikasiya edilmiş fibroində sərbəst radikalların qatılığının boyanma müddətindən asılı olduğu təsdiqlənmiş və məlum olmuşdur ki, 20 dəqiqə müddətində boyanmış fibroində sərbəst radikalların qiyməti maksimum həddə çatır. 60µM DPPH-in metanollu məhlulunun iştirakı ilə aparılan elektron spektroskopik analizlər göstərir ki, amarant antosianlarının antioksidantlıq qabiliyyəti 62±2% təşkil edib.
  8. Böyük Qafqazın cənub yamacının sel əmələgətirici ocaqlarının müəyyənləşdirilməsi istiqamətində aparılan tədqiqatlar sayəsində Şəki rayonunda - Kiş çayının “Damarçın” qolunun (N-41°15ʹ17ʺ, E-47°13ʹ30ʺ) ərazisində 172 metr uzunluğa malik sahilboyu terrasın yuyulması və ərazidəki 62ha rekreasiya şam meşəsinin şimal istiqamətində real selbasma təhlükəsinin yarandığı müəyyən edilmişdir.
  9. Hesabat ilində Şəki REM əməkdaşları tərəfindən 5 xaricdə olmaqla 27 elmi məqalə dərc edilmiş, xarici və yerli beynəlxalq konfranslarda 33 məqalə və tezis dərc olunmuşdur.

Şəki REM-in “Folklor və El sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru K.Adışirinov tərəfindən “Göynük mahalı: siyasi, coğrafi, mədəni, tarixi və folkloru” 352 səhifəlik monoqrafiya çap olunmuş, “Genofond və biomüxtəliflik” şöbəsi tərəfindən “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi bitkilərinin bio-ekoloji xüsusiyyətləri və sənayedə istifadəsi” 260 səhifəlik monoqrafiyası nəşr üçün hazırlanmışdır.

2019-cu ilin mart ayının 29-da Balakən rayonunda “Elm günü”nə həsr edilmiş, 19 oktyabr tarixində “Nəsimi 650” yubileyi münasibətilə Zaqatala rayonunda elmi-praktik konfrans, 25 noyabrda Şəki rayonunun orta ümumtəhsil məktəbləri şagirdləri arasında esse yazı müsabiqəsi təşkil edilmiş, qaliblər mükafatlandırılmışlar.