Fərhad Şirin oğlu Əzizov

biologiya üzrə fəlsəfə doktoru 

F.Ş. Əzizov 1974-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində fəaliyyət göstərir. 1974-cü ilin may ayında akademiyanın Şəki Zona Elmi Bazasında kiçik elmi işçi kimi fəaliyyətə başlamış, 1976-cı ildə Genetika və Seleksiya İnstitutunda aspiranturaya qəbul olunmuş, həm region, həm də respublika üçün çox əhəmiyyətli və iqtisadi baxımdan önəmli olan bir mövzu üzrə “ Çaytikanı bitkisinin biokimyəvi tərkibi və bioloji fəal maddələrinin tədqiqi” mövzusunda tədqiqatlarını uğurla başa çatdıraraq, Daşkənd şəhəri Özbəkistan Respublikası EA Bioüzvü Kimya İnstitutunun Elmi şurasında dissertasiya işini müdafiə etmiş, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1989-2014-cü illər ərzində AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində işləmişdir.

2004-cü ildən təsdiq olunmuş tematik planına uyğun olaraq, “Azərbaycanın xalq seleksiyasına aid mədəni və yabanı meyvə bitkilərinin toplanması, öyrənilməsi və genofondunun zənginləşdirilməsi” istiqamətində elmi-tədqiqat işini layiqincə yerinə yetirmişdir.

2010-cu ildən əlavə mövzu olaraq “Şəki rayonunun faydalı yabanı dərman bitkilərinin yığılması və öyrənilməsi” üzrə tədqiqat işlərini yerinə yetirir.

F.Ş. Əzizov 10 noyabr 2014-cü il tarixdən ŞREM elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş,  AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən 21 yanvar 2015-ci ildən Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir.

İxtisası üzrə fəaliyyət göstərdiyi müddət ərzində 4 müəlliflik şəhadətnaməsi, 1 patent, 1 səmərələşdirici təklif üçün şəhadətnamə almış, respublikada və xarici ölkələrdə 20 elmi məqaləsi və 1 elmi kütləvi kitabı nəşr edilmişdir.